Sahil Babayev Eldar Əzizovun qardaşını işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib.
Məlumatda qeyd olunur ki, Aydın Əzizov, Sahil Babayevin imzaladığı əmrlə Bakı şəhərində yeni təşkil olunan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri postundan kənarlaşdırılıb.
Onun yerinə isə Səadət Əsgərova təyin edilib.
Xatırladaq ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə gətirilmişdi. O, daha əvvəl sürücüsü ilə bağlı yaranmış qalmaqallı hadisə səbəbindən medianın diqqətini cəlb etmişdi. Bildirilir ki, onun sürücüsü Əzizov soyadından istifadə edərək bir sıra vətəndaşları aldadıb və onların maddi vəsaitlərini mənimsəyib.
Qeyd edək ki, Aydın Əzizov qulaq-burun-boğaz həkimi kimi fəaliyyət göstərir.