Sahil Babayev Monteneqroda iqtisadi əməkdaşlıq və sosial islahatları müzakirə edib

Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün Monteneqroya səfər edən Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqro hökumətinin rəhbəri Naida Nişiç ilə görüşüb.

Sahil Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişləndiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də davamlı siyasi dialoqun gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişafı üçün əsas olduğunu bildirib.

Nazir Sahil Babayev bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər sosial sahəni də əhatə edir. O, ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, dövlət sosial xidmətlərinin elektronlaşdırılması və DOST konsepsiyası barədə məlumat verən S.Babayev ölkəmizin bu təcrübələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini və bir çox ölkələrin müvafiq qurumlarının bu sahədə fəaliyyət göstərdiyini vurğulayıb.

Naida Nişiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadiləsində, bu istiqamətdə işlərin davam etdirilməsində maraqlı olduqlarını bildirdi.

Görüş zamanı iki nazirlik arasında fəaliyyət sahələrində təcrübə mübadiləsi aparılmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Back to top button
Close