Sahil Babayev şəhid ailələrinə veriləcək evlər haqqında danışıb

Sosial müdafiə naziri Sahil Babayev keçirilən kollegiya iclasında şəhid ailələrinə və müharibə əlillərinə veriləcək evlər barədə məlumat verib.

Respublikanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi yaşayış evinin tikintisi başa çatmaq üzrədir. Evlər tezliklə istifadəyə veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin ötən il həyata keçirdiyi uğurlu sosial siyasətin 2022-ci ildə ölkədə mühüm sosial tərəqqiyə nail olunmasına, yeni sosial islahatların başlanmasına imkan verdiyini vurğulayıb.

Nazir bildirib ki, 2021-ci ildə imtiyazlı kateqoriyadan olan vətəndaşlara verilən mənzillərin sayı 3 il əvvəlki ilə müqayisədə 5 dəfə artaraq 3000-ə çatdırılacaq və cari ildə bu istiqamətdə işlər davam etdirilir.

İndiyədək bu vətəndaşlara 12 min 300-dən çox mənzil və fərdi yaşayış evinin verildiyini diqqətə çatdıran S.Babayev bildirib ki, 2022-ci il üçün növbəti islahatlar paketi əməkhaqlarının, pensiyaların və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması ilə başlayıb, 3,4 milyon nəfəri əhatə edib.

Cari il ərzində DOST Agentliyinin ilk regional mərkəzi kimi Bakıda 5 saylı DOST Mərkəzinin və Bərdədə DOST Mərkəzinin açılması nəzərdə tutulur.

Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq görülür, əməkdaşlar bu sahədə peşə hazırlığı üçün treninqlərə cəlb olunur və s. Nazirlik yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyi də səyyar reabilitasiya və icma əsaslı reabilitasiya xidmətlərinin fəaliyyətə başladığını, fərdi reabilitasiya proqramının həyata keçirilməsini elan edib.

Bildirilib ki, bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə veriləcək.

Back to top button
Close